Ötən ay uğur qazanmış idmançılarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov noyabr ayında ölkə və beynəlxalq miqyaslı idman yarışlarında uğurlu nəticələrə nail olmuş idmaçılarla görüşüb, onları təltif edib. Çay süfrəsi ətrafında təşkil olunan səmimi görüşdə məşqçi və valideynlər, o cümlədən nazirliyin müvafiq sahədə fəaliyyət göstərən əməkdaşları da iştirak edib.  

Əldə etdikləri nailiyyətlər münasibətilə idmançıları təbrik edən Məcid Seyidov görüşün məqsədi barədə danışıb, onların hazırlıq səviyyəsi və gözləntiləri ilə maraqlanıb. Nazir müavini ölkəmizdə idmana göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq bu sahədəki fəaliyyətin gənclərin həyatı və karyerasındakı müstəsnə əhəmiyyətindən, faydalarından danışıb. Qonaqları təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və səlahiyyətləri barədə məlumatlandıran Məcid Seyidov əlavə edib ki, son zamanlar məşqçi və idmançıların ölkə miqyaslı yarışlarda iştirakının təmin edilməsinə diqqət artırılıb. Təmsilçilərimizin yarışla bağlı xərclərinin qarşılanması üçün büdcədən vəsait ayrılır, onlara dəstək göstərilir. Məqsəd dövlət dəstəyi sayəsində idmançıların karyera yüksəlişinə töhfə vermək, onları motivasiya etməkdir. Bununla yanaşı, valideynlər də öz övladlarının potensialını düzgün qiymətləndirməli və peşəkarlığa gedən yolda mənəvi dəstəyini əsirgəməməlidir.

Diskussiya formatında davam edən görüşdə qonaqlar öz təəssüratlarını, fikirlərini bölüşüb, bu tip görüşlərin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüşdə iştirak edən idmançılardan şahmatçılar – FIDE ustası Nəsrin Babayeva, Yasin Əzimov, Mirsaleh Seyidli, bədii gimnast Təranə Əlizadə nazirliyin fəxri fərmanı ilə təltif olunub olunub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti